Diş ağrısının əsas səbəbləri
1. Kariyes (diş çürüyü)
Diş minası zədələndikdə çürük dərinə doğru irəliləyir və pulpaya — dişin sinirinə yaxınlaşdıqca ağrı yaranır. Əvvəlcə soyuq və şirinə qarşı həssaslıq, sonra daha uzun sürən ağrılar olur.
2. Diş əti xəstəlikləri
Diş ətinin iltihabı (gingivit) və daha dərin toxumaları əhatə edən periodontit diş ətində ağrı, həssaslıq və qanamaya səbəb ola bilər.
3. Diş absesi
İnfeksiya nəticəsində yaranan abses güclü və döyüntülü ağrı verir. Şişkinlik və qızdırma da müşahidə oluna bilər — bu, gecikdirilməməli haldır.
4. Diş sıxma (bruksizm)
Gecələr dişləri sıxmaq və ya qıcırdatmaq dişlərdə həssaslıq və ağrıya, zamanla minanın yeyilməsinə səbəb ola bilər.
5. Sinusit
Üz ciblərinin iltihabı bəzən üst çənə dişlərində ağrı hissi yaradır. Belə hallarda diş sağlam olsa da ağrı dişdən gəlirmiş kimi hiss olunur.
6. Diş həssaslığı
İsti, soyuq, şirin və ya turş qidalara qarşı qısa, kəskin ağrılar çox vaxt minanın aşınması və ya diş ətinin çəkilməsi ilə bağlıdır.
Diş ağrıyanda ilk nə etmək olar?
- Həkimə müraciət edin. Səbəbi yalnız müayinə müəyyən edir və bu, ən effektiv həll yoludur.
- Ağrıkəsici müvəqqəti rahatlama verir. Dərmanı təlimata uyğun qəbul edin; o, problemi aradan qaldırmır.
- Duzlu su ilə qarqara antiseptik təsiri ilə ağrını bir qədər azalda bilər.
- Dərmanı dişin və ya diş ətinin üzərinə qoymayın — selikli qişanın zədələnməsinə səbəb ola bilər.
- Ev üsulları ilə müalicəni gecikdirməyin. Ağrının keçməsi problemin həll olunduğu anlamına gəlmir.
Hansı hallarda təcili müraciət lazımdır?
- Üzdə və ya diş ətində şişkinlik, qızdırma
- Güclü, döyüntülü və dayanmayan ağrı
- Travmadan sonra sınmış və ya laxlamış diş
- Diş çəkimindən sonra dayanmayan qanaxma
Udqunmada və ya nəfəs almada çətinliklə müşayiət olunan şişkinlik təcili tibbi yardım tələb edir.
Hamiləlikdə diş ağrısı
Hamiləlik zamanı diş ağrısına dözmək lazım deyil: stomatoloji müayinə və zəruri müalicə mümkündür. Həkimə hamiləliyin müddətini mütləq bildirin — anesteziya, dərman və rentgen ehtiyacı buna uyğun planlanır. Dərmanları yalnız həkim məsləhəti ilə qəbul edin.
Diş ağrısının qarşısını necə almaq olar?
- Dişləri gündə iki dəfə fırçalayın, dişlərarası sahələri təmizləyin.
- Şəkərli və turş qidaları məhdudlaşdırın.
- Fındıq və qozu dişlə sındırmayın.
- Müntəzəm müayinədən keçin — kariyes erkən mərhələdə ağrı vermir.
Əlaqəli: Kanal müalicəsi · Diş əti müalicəsi